YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramı çərçivəsində YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008-2009-cu illərdə "Leyli və Məcnun" operasının ilk tamaşasının, xalq rəssamı Səttar Bəhlulzadənin, yazıçı Mir Cəlal Paşayevin və akademik Musa Əliyevin 100 illik yubileylərinin rəsmi qeyd olunması ilə bağlı qərar qəbul edilmişdir.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" əsərinin 1908-ci ildə birinci tamaşası milli musiqi mədəniyyəti tarixində yeni dövr açmışdır. Muğamla Avropa operasının üzvi vəhdəti əsasında yaradılan "Leyli və Məcnun" Azərbaycan musiqisinin həqiqi ensiklopediyasıdır. Müsəlman Şərqində opera janrının əsası da muğam operasının bu ilk nümunəsi ilə qoyulmuşdur.
Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından biri kimi həmişəlik həkk olunmuşdur. Səttar Bəhlulzadə müxtəlif rənglərin yeni çalarlarını kəşf edərək onların ahəngindən gözəl lövhələr yaratmışdır. Rəssamın rəng palitrasının zənginliyi, poetik əhval-ruhiyə və kolorit gözəlliyi ilə seçilən orijinal üslublu əsərləri milli təsviri sənətin ən qiymətli inciləri sırasındadır.
XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının inkişafı və onun məzmunca zənginləşməsində mühüm rol oynamışdır. Xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan və ədəbiyyata həyat gətirmiş yazıçı kimi tanınan Mir Cəlal Paşayev eyni zamanda görkəmli tədqiqatçı alim olmuşdur.
Tanınmış geoloq alim, 1939-1941-ci illərdə indiki Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, 1950-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş akademik Musa Əliyev ölkəmizdə elmin inkişafı naminə müstəsna xidmətlər göstərmişdir.
2008-2009-cu illərdə "Leyli və Məcnun"  operasının ilk tamaşasının, xalq rəssamı Səttar Bəhlulzadənin, yazıçı Mir Cəlal Paşayevin və akademik Musa Əliyevin 100 illik yubileylərinin Azərbaycanda dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:  
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin təklifləri müvafiq şəkildə nəzərə alınmaqla, "Leyli və Məcnun"  operasının ilk tamaşasının, xalq rəssamı Səttar Bəhlulzadənin, yazıçı Mir Cəlal Paşayevin və akademik Musa Əliyevin respublikada, xarici ölkələrdə və YUNESKO miqyasında 100 illik yubileylərinin təşkili ilə bağlı tədbirlər planlarını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 yanvar 2008-ci il
№ 2641