Bioqrafiya

  • Mir Cəlal Mir Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Əndəbil kəndində anadan olmuşdur. Lakin taleyi onu uşaqlıq çağlarından qədim Gəncə şəhərinə gətirib çıxarmışdır.
  • 1918-ci ildə atası vəfat edəndən sonra böyük qardaşının himayəsində yaşamışdır. 1918-1919-cu illərdə Gəncə Xeyriyyə cəmiyyətinin ibtidai məktəbində təhsil almışdır. 1924-1927-ci illərdə M.F.Axundov adına Gəncə Türk Pedaqoji Texnikumunda (Darülmüəllimində) təhsil almışdır. 1925-ci ildə komsomol sıralarına qəbul edilmişdir.
  • Tələbəlik illərində ictimai işlərdə fəal çalışmış, texnikumun tələbə-gənclər təşkilatının, sonra isə Gəncə şəhər Tələbə-Gənclər Həmkarlar Təşkilatının sədri seçilmişdir.
  • Pedaqoji Texnikumu bitirdikdən sonra Gəncədə müəllimlik fəaliyyətinə başlamış, sonra isə Gədəbəy rayonunda yeddiillik məktəbin müdiri işləmişdir.
  • 1929-1930-cu illərdə I dərəcəli Gәncә şәhәr mәktәbinin direktoru vәzifәsindә işlәmişdir.
  • Azərbaycan Proletar Yazıçıları Gəncə şöbəsinin üzvü olmuşdur.
  • Gəncə ədəbi mühitinə daxil olan Mir Cəlal 1926-1930-cü illərdə "Yeni fikir" qəzetində, "Qızıl Gəncə", "İlk addımlar", "Hücum" məcmuələrində doğma dilə çevirdiyi şeir və hekayələrlə yanaşı, özünün ilk yaradıcılıq nümunələrini də çap etdirmişdir.
  • Mir Cəlal Paşayev 1930-1932-ci illərdə Kazan Şərq Pedaqoji İnstitutunun dil-әdәbiyyat fakültəsində təhsil almışdır.
  • 1932-1935-ci illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almış, eyni zamanda "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi" qəzetinin məsul katibi vəzifəsində işlәmişdir.
  • 1932-ci ildə "Sağlam yollarda" oçerklər toplusu çap olunmuşdur. 1933-cü ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının ictimai elmlər bölməsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. O, Ədəbiyyat İnstitutunun yaradılmasında bilavasitə iştirak etmiş, burada XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri işləmişdir.
  • 1933-cü ildə “Kommunist” qəzetində birgə işlədiyi Püstə xanımla (1914-2001) ailə həyatı qurmuşdur.
  • 1933-cü ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin ictimai elmlər bölməsində kiçik elmi işçi vəzifəsində çalışmışdır.
  • 1936-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində mühazirələr oxumuşdur. 1940-cı ildə filologiya elmlәri namizәdi alimlik dәrәcәsi almaq üçün “Füzulinin poetik xüsusiyyәtlәri” adlı dissertasiya işini müdafiə etmişdir..
  • Mir Cəlal Paşayevin 1935-1939-cu illərdə "Boy" (novellalar), "Bostan oğrusu" (hekayələr), "Gözün aydın" (hekayə və oçerklər), "Dirilən adam" (roman) kitabları kütləvi tirajla çap edilmişdir.
  • İkinci Dünya müharibəsi illərində Mir Cəlalın istər "Xalqın ürək sözü" (1941), "Vətən hekayələri" (1942), "İlyas" (1942), "İsrafil" (1942), "Vətən yaraları" (1943), "Vətən" (1944) kitablarında, istərsə də dövri mətbuatda çap etdirdiyi hekayələrində arxa və ön cəbhədə Azərbaycan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsindən bəhs olunur.
  • 1941-ci ilin dekabrında bir qrup Azərbaycan şair və yazıçıları ilə birlikdə Novorossiyskdə, 1942-ci ildə Uzaq Şərqdə Azərbaycan döyüşçüləri ilə görüşlərdə iştirak etmişdir.
  • İkinci Dünya müharibəsindən sonrakı illərdə Mir Cəlal "Od içindən çıxanlar" (1945) kitabında topladığı hekayələrdə cəbhədən qayıdan adamların sülh şəraitində yaratmaq eşqi, yaradıcı əməyin romantikası verilmişdir.
  • Onun "Çin qızı" (1950), "Sülh istəyənlərə" (1951), "Badam ağacları" (1953), "Ərəb qızı" (1962) və b. hekayələrdə sülh, əmin-amanlıq, humanizm, yer üzündə insanların dinc, məsud yaşaması ideyası təbliğ olunurdu.
  • Mir Cəlalın nəsr yaradıcılığında roman janrı başlıca yer tutur. O, ilk romanı - "Dirilən adam"ı (1934-1935) yazandan sonra "Bir gəncin manifesti" (1939), "Açıq kitab" (1941-1944), "Yaşıdlarım" (1946-1952), "Təzə şəhər" (1948-1950), "Yolumuz hayanadır?" (1952-1957) romanlarında həyatın geniş epik lövhələrini yaratmışdır. Onun bu əsərləri Azərbaycan ədəbiyyatı tarixində roman janrının inkişafına istər məzmun, istərsə də bədii forma cəhətdən təsir göstərmişdir.
  • Mir Cəlal Paşayev 1944-cü ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olmuşdur.
  • O, 1947-ci ildə “Azərbaycanda ədəbi məktəblər” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
  • Mir Cəlal Paşayev 1944-1960-cı illərdə SSRİ EA Azərbaycan filialının Әdәbiyyat vә Dil İnstitutunun Sovet әdәbiyyatı şöbәsinin müdiri vә S. M. Kirov adına ADU-nun Azәrbaycan әdәbiyyatı kafedrasının dosenti vәzifәsindә işlәmişdir.
  • O, 1947-ci ildə “Azərbaycanda ədəbi məktəblər” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1948-ci ildə S. M. Kirov adına ADU-da professor vәzifәsinә seçilmişdir.
  • Mir Cəlal həmçinin Azərbaycan klassik ədəbiyyatının görkəmli tədqiqatçısı olmuşdur. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Əbülqasım Nəbati, Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir yaradıcılığını araşdırmış, Azərbaycan ədəbiyyatı tarixinin yazılmasına öz sanballı töhfəsini vermişdir.
  • 1961-ci ildən Mir Cəlal Paşayev Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmış, elmi-pedaqoji kadrların hazırlanmasında böyük əmək sərf etmişdir. O, estetikanın nəzəri problemləri, poetika ilə məşğul olmuş, ali məktəbdə uzun müddət ədəbiyyat nəzəriyyəsindən mühazirələr oxumuşdur.
  • Sovet yazıçıları briqadası tərkibində Ağ dəniz-Baltik kanalında yaradıcılıq ezamiyyətində (1935), Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1949, 1950, 1960), SSRİ yazıçılarının II, III, IV qurultaylarında (1954,1959,1967) nümayəndə olmuşdur.
  • Mir Cəlal Paşayev bütün fəaliyyəti boyu bədii yaradıcılığı ilə elmi, ədəbi-tənqidi yaradıcılığını qoşa davam etdirmiş, onlarla tədqiqatçının elmi rəhbəri olmuşdur.
  • 1969-cu ildə Mir Cəlal Paşayevə Əməkdar elm xadimi fəxri adı verilmişdir.
  • Onun "Bir gəncin manifesti" romanı Azərbaycan ədəbiyyatında yeni hadisə idi. Bu roman 1968-ci ildə Azәrbaycan LKGİ MK-nın qәrarı ilә Respublika Lenin Komsomolu mükafatına layiq görülmüşdür.
  • Mir Cəlal ədəbi-pedaqoji və elmi xidmətlərinə görə "Şərəf nişanı" (iki dəfə -1950, 1958-ci illərdə), "Qırmızı Əmək Bayrağı" (1967), "Oktyabr inqilabı" (1948, 1978) ordenləri, "Əmək igidliyinə görə" (iki dəfə - 1944,1945-ci illərdə), "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə" medalları ilə təltif edilmişdir. O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları və "Qabaqcıl maarif xadimi" döş nişanı ilə təltif olunmuşdur.
  • Mir Cəlal Paşayev 1978-ci il sentyabrın 28-də vəfat etmiş, Bakıda İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.
  • Paşayevlər nəsli Azərbaycan elminə, mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmişdir.
  • Oğlu Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru, akademikdir. "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmətlərinə görə "Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüşdür.
  • Oğlu Hafiz Paşayev fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektorudur. Səmərəli ictimai-siyasi fəaliyyətinə, elm və təhsilin inkişafındakı xidmətlərinə görə "Şöhrət" və “Şərəf” ordenləri ilə təltif edilmişdir.
  • Qızı Ədibə Paşayeva Bakı Dövlət Universitetinin humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, dosentdir. Təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri ada layiq görülmüşdür.
  • Qızı Elmira Paşayeva Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin müəllimidir. Musiqi təhsili sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Şöhrət” ordeni ilə təltif edilmiş, “Əməkdar müəllim” fəxri ada layiq görülmüşdür.
  • Mir Cəlal Paşayevin 90 və 100 illik yubileyləri Azərbaycan Respublikasının Prezidentinin sərəncamları əsasında dövlət səviyyəsində təntənəli surətdə qeyd edilmiş, yığıncaqlar və elmi sessiyalar keçirilmişdir.
  • 16 oktyabr 2007-ci ildə YUNESKO Baş Konfransının 34-cü sessiyasında Mir Cəlal Paşayevin 100 illik yubileyinin rəsmi qeyd olunması ilə bağlı qərar qəbul etmişdir.
  • Bakıda “Ədibin evi” muzeyi, Gəncə və Gədəbəy şəhərlərində xatirə muzeyləri açılmışdır.
  • Bakının 9-cu mikrorayonundakı küçələrdən biri onun adını daşıyır.